Bioqrafiya
|
Teymur
Eminbəyli haqqında
Teymur Nəbi oğlu Eminbəyli (Eminov), 1960 il mart ayının 3-də Borçalı mahalının (Gürcüstan Respublikasının türklər yaşayan bölgəsi) Saraçlı kəndində sadə bir türk ailəsində dünyaya göz açıb. Əslən Borçalıdan olan atası Nəbi və valideynləri Güney Azərbaycanlı olan anası Səyalı bu ailədə üç oğlan, üç qız böyüdüblər. Ailənin üçüncü uşağı olan Teymuru məktəbə gedənə qədər Elman deyə çağırıblar. Ana babası Əbdülhəsən və ana nənəsi Anaxanım Stalinin repressiyalarına məruz qalaraq, "İranlı muhacirlər" adı ilə, ailəlikcə, 1950 illərdə Borçalıdan Qazaxstana sürgün olunmuş və bir müddət sonra hər ikisi burada vəfat etmişlər. Saraçlı kənd orta məktəbini bitirdikdən sonra təhsilini artırmaq üçün Bakı şəhərinə gəlib. İki il Sovet ordusu sıralarında, Uzaq Şərqdə-Vladivastokda hərbi xidmətdə olub. Əskərlikdən qayıtdıqdan sonra, 1980 ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub. İki il Bakida, dörd il Ukraynanın Odessa şəhərində oxuyaraq təhsilini başa vurduqdan sonra mühəndis-mexanik ixtisası üzrə diplom alıb. İnstitutda oxuyan vaxtlarda müxtəlif sahələrdə çalışıb. O cümlədən, Bakıda gəmi təmiri zavodlarında elektrik qaynaqcısı və sürücü, Bakı Taksimator parkında sürücü kimi işləyib. Sonuncu yerdə sürücü işlədiyi dövrdə, eyni zamanda, avtodəstə həmkarlar təşkilatının sədri olub. 1988 ildən başlanan, Sovetlər Birliyinin dağılması və Azərbaycanın müstəqilliyi ilə nəticələnən Milli Azadlıq Hərəkatında fəal iştirak edib. Azərbaycan Xalq Cəbhəsinin (AXC) və bu təşkilatın İzmir rayon (sovetlər zamanında Oktyabr, müstəqillikdən sonra isə Yasamal rayonu ərazisində) şöbəsinin qurucularından biri olub. Həmin dövrdə nəqliyatda tətil komitəsinə başçılıq edib. 1989-1991 illərdə 1 sayli Bakı Taksi Motor Parkının həmkarlar təşkilatının azad sədri seçilib. 1990 ilin yayında Moskvada SSRİ "Avtomobil nəqliyyatı və yol tikintisi işcilərinin həmkarlar təşkilatlarının" növbəti qurultayında Sovet quruluşunun, o vaxtkı, Kommunist partiyasının və ölkə rəhbəri Mixail Qarbaçovun haqqında kəskin çıxışına görə KQB tərəfindən dindirilib. Qarbaçovun Azərbaycan xalqının qanına əli bulaşmış cəllad adlandırıldığı həmin çıxış, sonradan Moskvada çap olunan "Avtomobil nəqliyyatı" jurnalında ixtisarlarla dərc edilib. Bu və digər siyasi fəaliyyətlərinə görə həmkarlar təşkilatına sədr seçildiyi müddət başa çatmadan KQB və Sovet milisinin müdaxiləsi ilə bu vəzifədən kənarlaşdırılıb. 1992-1993 illər Milli qüvvələrin hakimiyyəti dövrundə "Bakıtaksinəqliyyat" birliyinin baş direktoru vəzifəsində işləyib. Bu dövrdə taksi maşınlarının özəlləşdirilməsi təklifi ilə hökumət qarşısında çıxış edib və hakimiyyətdə qalmış kommunist nomenklaturasının ciddi manelərinə baxmayaraq, Azərbaycanda ilk dəfə olaraq, özəlləşdirmə proqramının taksi sistemindın başlanmasına nail olub. Milli hakimiyyət silahlı qiyam yolu ilə devrildikdən sonra baş direktor vəzifəsindən könüllü olaraq istefa verib. Siyasi fəaliyyətinə və baxışlarına görə müxtəlif vaxtlarda qısa müddətli həbslərə məruz qalıb. 1996 ildən 2001 ilə qədər AXCP İzmir rayon məclisinin sədri olub. Əbülfəz Elçibəyin rəhbərliyi ilə yaradılan Bütöv Azərbaycan Birliyi (BAB) Ali Məclisinin ilk üzvlərindəndir. 1998 ildə Vaşinqtonda keçirilən Dünya Azərbaycanlıları Konqresinin(DAK) ikinci quruıtayında iştirak etdikdən sonra bu təşkilatın formalaşmasında və inkişafında əsas rol oynayıb, burada, İdarə Heyətinin(İH) üzvü olmaqla yanaşı, eyni zamanda mətbuat katibi, sədr muavini, İH katibi kimi vəzifələrdə fəaliyət göstərib. Qurultaylar arası dövrlərdə müxtəlif komissiya və komitələrə rəhbərlik edib. . Azərbaycan Respublikasında DAK nümayəndəliyinin və mətbuat xidmətinin ilk yaradıcısı və rəhbəri olub. Bu dövrdə, Güney Azərbaycan problemləri və diasporumuzun təşkilatlanması ilə bağlı dəyirmi masalar və simpoziumlar təşkil edib. Mətbuata Güney Azərbaycanda yaşayan soydaşlarımızın üzləşdikləri problemlərlə bağlı mütəmadi məlumatlar və müsahibələr verib, radio və TV-lərdə çıxışlar edib. DAK-ın tarixi, Güney Azərbaycan, diaspora və sair məsələlərlə bağlı bir neçə məqalə və yazının müəllifidir. Bu kimi fəaliyyətlərinə görə, İran rejimi tərəfindən dəfələrlə təqiblərə məruz qalıb, ölümlə hədələnib. Azərbaycanda müxtəlif məhkəmə çəkişmələrinə məruz qalıb, hakimiyyət tərəfindən fəaliyyəti məhdudlaşdırıldıqdan sonra 2004 ildə ailəsi ilə birlikdə xaricə gedib. "Dünya Azərbaycanlıları" jurnalının təsisçisidir. GÜNAZ TV(Güney Azərbaycan) və VA TV(Vahid Azərbaycan) ilə yaxından əməkdaşlıq edir. Hazırda DAK-da fəaliyyətini davam etdirir. Heç bir siyasi partiyanın üzvü deyil. Ən başlıca istəyi bölünmüş Azərbaycanın birləşməsidir. Xobbisi bilgisayar və avtomobildir. Sevdiyi idman növü masaüstü tenisdir. Sevdiyi yemək milli xörəklərimiz və balıq yeməkləridir. Evlidir. Bir qızı və bir oğlu
var. |